Bu həftə aylardır gözlənən əfv fərmanı verildi, amma hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslərin adları ora düşmədi. Bəzi hüquq müdafiəçisi bunun səbəbini prezident İlham Əliyevə yetərincə təzyiqin olmamasında görürlər.
Elə əfvdən sonra Qərbdən gələn bəyanatlar da qismən bu fikri təsdiqləyir. Məsələn, Avropa İttifaqının baş diplomatı Kaya Kallas Fransa vətəndaşının azad olunmasını alqışlayıb. Teo Klerk Hüqo Bakıda metro tunelinə qrafiti çəkdiyinə görə həbs olunmuşdu. Kallas yazıb ki, onun azad olunması "sakit diplomatiyanın və qarşılıqlı hörmətə əsaslanan dialoqun nəyə qadir olduğunu göstərib".
Əfv sərəncamına siyasi məhbus sayılan şəxslərin salınmamasına beynəlxalq qurumlardan başqa reaksiya gəlməyib. Bu arada hüquq müdafiəçiləri ölkədə azı 360 siyasi məhbusun olduğunu deyirlər.
Bayden hər il insan haqları ilə bağlı çağırış edirdi, Tramp isə...
ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu bu həftə hökumətyönlü medianın gündəmində geniş şərh olundu.
D.Tramp məktubunda ikitərəfli prioritetlər olaraq təhlükəsizlik sahəsində əməkdaşlığı, iqtisadi münasibətləri və enerji inkişafı üzrə tərəfdaşlığı vurğulayır, Azərbaycanla Ermənistan arasında möhkəm sülhə dəstək də bildirir.
Hökumətyönlü media bu məktubu "Trampın Azərbaycana verdiyi önəm" başlığı ilə şərh edir. "Həqiqətən də, Donald Trampın prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinin inkişafında xüsusi seçilib. Birinci prezidentlik dövründə də inkişaf dinamikasının strateji tərəfdaşlıq üzərində qurulduğu dəfələrlə bəyan edilib", - "Report" portalı yazır.
ABŞ prezidentinin məktubunda insan haqları, fundamental azadlıqlarla bağlı heç bir çağırış yer almayıb. Amma daha öncə dövlət katibi Marko Rubionun adından yayılmış bəyanatda həm təhlükəsizlik, enerji və iqtisadi inkişaf sahələrində ortaq maraqlar vurğulanır, həm də deyilirdi ki, "Birləşmiş Ştatlar Azərbaycan konstitusiyasına uyğun olaraq fundamental azadlıqları, o cümlədən mətbuat azadlığını dəstəkləməyə sadiqdir".
Ötən ilin noyabrında D.Tramp prezident seçiləndə bəzi təhlilçilər deyirdilər ki, onun Ağ evə qayıdışı ilə Azərbaycanla strateji və iqtisadi tərəfdaşlıq önə çəkilə, demokratiya və insan haqlarına daha az diqqət ayrıla bilər.
Sual oluna bilər ki, prezident məktubunda insan haqlarına toxunmalıydımı? Müqayisə üçün, keçmiş prezident Co Bayden 2022-ci il və ötənilki müstəqillik günü təbrikində Azərbaycanı demokratik idarəetmənin gücləndirilməsi və "bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması" üçün əsaslı addımlar atmağa dəvət edirdi.
Prezident Əliyev bir neçə dəfə Bayden administrasiyası dövründə ikitərəfli münasibətləri "böhranlı" adlandırıb, Tramp administrasiyası ilə əlaqələrin qurulacağını günü səbirsizliklə gözlədiyini deyib. Mayın 29-da prezident İ.Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib. Senatorun həmçinin İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşü barədə ABŞ səfirliyi məlumat yayıb.
5 milyonluq yeyintidə adı hallanan keçmiş məmurlar azadlıqda
Qayıdaq əfv sərəncamına. Siyahıdakı bəzi adlar diqqət çəkir. 2021-ci ildə məhkum edilmiş Eynulla Novruzov və Mətləb Allahverdiyevin adları Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovun məhkəməsində hallanıb. Həmin işdə 5 milyon manatlıq yeyintidən söhbət gedirdi. E.Novruzov rayonun Mərkəzi Xəstəxanasının direktoru, M.Allahverdiyev rayonun Təhsil Şöbəsinin müdiri olub. Keçmiş məmurların cəzası sonradan 4 il 4 ayadək azaldılmışdı.
Fəridin həbsinin bir ili tamam olur
Qaçaqmalçılıq və digər maliyyə cinayətlərində təqsirləndirilən AzadlıqRadiosu jurnalisti və iqtisadçı Fərid Mehralızadəyə prokuror 12 il həbs cəzası, avtomobilinin də müsadirəsini istəyib. O, AzadlıqRadiosuna məktubunda saxlandığı 30 may tarixində yaşadıqlarını təsvir edib. Maskalı şəxslər onun başına torba keçirərək naməlum məkana, daha sonra polisə aparıb, müstəntiq ondan "AbzasMedia", "ToplumTV", "MeydanTV" və AzadlıqRadiosu barədə nə bildiyini soruşub, məhkəmədə onun barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə vəsatətlə çıxış etsə də, vəsatəti əsaslandırmayıb.
Jurnalist dövlət ittihamçısının ona 12 il həbs cəzası istəməsinə də AzadlıqRadiosuna yazdığı məktubda cavab verib. "Prokuror Rauf Malışov barəmdəki ittihamın sübuta yetirildiyini deyərkən, sadəcə bir "sübut"dan istifadə etdi-xarici ölkələrə səfər etməyim... Bu baxımdan, məndə belə təəssürat yaranır ki, həbsimi sifariş edən dövlət qurumu Dövlət Turizm Agentliyidir. Ölkədaxili turizmə az töhfə verdiyim üçün məni cəzalandırır", – jurnalist həbsdən AzadlıqRadiosuna yazır.
Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus Fəridin dərhal azad olunmasına çağırıb: "Azərbaycan hakimiyyəti Fərid Mehralizadənin həyatından bir ili oğurlayıb. Bu bir ili o, ailəsinin böyüməsinin sevinc və həyəcanını yaşamalıydı. Fərid bunun əvəzində ilk uşağının doğulmasını belə görməyib, bu bir ili "jurnalistika" adlı "cinayət"ə görə barmaqlıqlar arxasında keçirib. O, qanunsuz heç bir şey etməyib və dərhal azad olunmalıdır".
Bir qrup ABŞ senatoru da F.Mehralızadə daxil, ABŞ Qlobal Media Agentliyinə (USAGM) bağlı jurnalistlərin müdafiəsi üçün dövlət katibi Mark Rubioya müraciət ünvanlayıb. Onlar dövlət katibindən xahiş ediblər ki, o, müvafiq qurumları bu jurnalistlərin müdafiəsi üçün hərəkətə keçməyə təşviq etsin. Senatorlar bu jurnalistlərin azad olunmasının təminatına dair konkret plan təqdim olunmasını istəyiblər.