İran İsrailə casusluqda günahlandırdığı şəxsi edam edib

Ilin əvvəlindən İranda 478 nəfər edam edilib.

İranda "İsrail üçün casusluq"da ittiham olunan Pedram Mədəni edam olunub. İnsan haqları təşkilatları bu işin "əsaslı" qüsurlarla dolu olduğunu və ittihamların məcburiyyət altında alınmış etiraflara əsaslandığını qeyd ediblər.

Ölkənin ədliyyə sisteminə bağlı "Mizan" xəbər agentliyi mayın 28-də bildirib ki, edam "İsrail üçün casusluq" və "qanunsuz yollarla var-dövlət əldə etmə" ittihamlar əsasında həyata keçirilib.

Pedram 2020-ci ildə İsrailə casusluq etməsi iddiası ilə həbs olunub.

O, İnqilab Məhkəməsi tərəfindən "yer üzündə fəsad törətmək" ittihamı ilə ölüm cəzasına məhkum edilib. Bu hökm Ali Məhkəmə tərəfindən üç dəfə ləğv edilsə də, hər dəfə aşağı instansiya məhkəməsi onu yenidən ölüm cəzasına məhkum edib.

2023-cü ilin Nobel Sülh Mükafatı laureatı, həbsdə olan iranlı dissident Nərgiz Məhəmmədi P.Mədəninin anasının İran hakimiyyətinə müraciət videosunu yayımlayıb. Videoda Mədəninin anası müəmmalar və ciddi qüsurlarla dolu bu işin yenidən araşdırılmasını istəyir.

P.Mədəninin edam xəbəri "Human Rights Watch"un İran hakimiyyətinin "dəhşətli edam dalğası" həyata keçirdiyi qeyd olunan hesabatından cəmi bir gün sonra yayılıb. Hesabata görə, 2025-ci ilin əvvəlindən İranda 478 nəfər edam edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artım deməkdir.

"2025-ci ilin ilk beş ayında İran hakimiyyəti gündə orta hesabla azı üç nəfəri edam edib. Hökumətin fərqli düşüncəyə qarşı amansız repressiyaları və narkotik əleyhinə qəddar siyasəti nəticəsində daha çox dissident və cəmiyyətdə marginal vəziyyətdə olan insanlar qurbana çevrilir", – "Human Rights Watch"un icraçı direktoru Federiko Borello bildirib.

"Edam dalğasının ləngiyəcəyinə dair heç bir əlamət görünmür. Bu böhranın miqyası beynəlxalq ictimaiyyətin İran hökumətinə edamları dərhal dayandırmaq və ölüm cəzasına moratorium tətbiq etmək üçün təzyiq göstərməsinin nə qədər təcili olduğunu göstərir", – Borello əlavə edib.