ABŞ dövlət katibi Marko Rubio 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bununla bağlı ABŞ Dövlət Departamentinin saytında onun adından bəyanat dərc olunub.
Bəyanatda bildirilib ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.
"Cənubi Qafqazın çiçəklənməsi üçün mühüm əhəmiyyət kəsb edən regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməyə davam edirik. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı alqışlayırıq. Həmçinin, Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq".
Bəyanatda vurğulanır ki, son 33 il ərzində qurulmuş Azərbaycan-ABŞ tərəfdaşlığı təhlükəsizlik, enerji və iqtisadi inkişaf sahələrində ortaq maraqların irəliləməsinə xidmət edir: "Birləşmiş Ştatlar Azərbaycanda konstitusiyasına uyğun olaraq fundamental azadlıqları, o cümlədən mətbuat azadlığını dəstəkləməyə sadiqdir".
ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatlarında Azərbaycan hakimiyyəti, bir qayda olaraq, qanunsuz həbslər, məhbusların hüquqlarının pozulması, onlarla pis rəftar, hüquq-mühafizə orqanlarında korrupsiya və cəzasızlıq sisteminə görə tənqid olunur. Hökumətin insan haqları pozan məmurların cəzalandırılması üçün inandırıcı addımlar atmadığı vurğulanır.
Bütövlükdə götürəndə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 360-dan çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.