"Kanal11" internet televiziyasının rəhbəri Teymur Kərimovun həbs müddəti azaldılıb. Mayın 15-də Bakı Apellyasiya Məhkəməsi onun vəkilinin verdiyi vəsatəti qismən təmin edib və Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.
T.Kərimov 2023-cü ilin dekabrından həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası kəsilib. Üstəlik, əlavə cəza kimi ona 2 il də jurnalist fəaliyyəti ilə məşğul olmaq yasaqlanıb. T.Kərimovla birlikdə mühakimə edilən reportyor İstək Totiyevaya isə şərti cəza verilib.
Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsi ilə - saytdan materialın silinməsi üçün Fərrux Ələkbərov adlı şəxsdən 10 min manat tələb edib sonda min manat almaqda təqsirli biliniblər. T.Kərimov bunu yalan sayır, F.Ələkbərovdan pul tələb edib almadığını deyir. O, etiraz aksiyalarını, vətəndaş hüquqlarının pozulması hallarını, özəlliklə polislərin Qarabağ müharibəsi veteranlarını döyməsini çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayır. Jurnalist işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini də məhkəmədə dilə gətirib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.