Amerikalı senatorlar ABŞ Qlobal Media Agentliyinə (USAGM) bağlı jurnalistlərin müdafiəsi üçün dövlət katibi Mark Rubioya müraciət ünvanlayıblar: "Biz sizi İran, Vyetnam, Rusiya, Belarus, Azərbaycan və Myanma həbsxanalarında saxlanılan və ABŞ ilə əlaqəli jurnalistlərin azad olunmasının təmin edilməsi üçün tədbirlər görməyə çağırırıq. USAGM Azad Avropa/Azadlıq Radioları (RFE/RL), Azad Asiya Radiosu (RFA), Kuba Yayım Bürosu (OCB), Yaxın Şərq Yayım Şəbəkələri (MBN), "Amerikanın Səsi" (VOA) və Açıq Texnologiyalar Fondu (OTF) üçün qrantları dayandırdıqdan sonra bu şəbəkələrlə əlaqəli həbsdə olan jurnalistlərin unudulmaq və diqqətdən kənarda qalmaq riski ilə üz-üzə qalmasından narahatıq. Bu şəbəkələrin statusu qeyri-müəyyən olaraq qaldığı müddətcə onların müdafiəsi məsələsində Dövlət Departamentinin məsuliyyəti daha da artacaq".
Senatorlar müvafiq müraciət məktubunda xatırladıblar ki, USAGM ilə çalışmış beş əməkdaş hazırda Vyetnamda, ikisi Rusiyada, biri Belarusda, biri Azərbaycanda və ikisi Myanmada həbsdədir.
Senatorlar dövlət katibi Rubiodan xahiş ediblər ki, o, bu şəxslərin vəziyyəti ilə bağlı narahatlığı mütəmadi şəkildə ABŞ adından səsləndirsin və müvafiq qurumları - Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunu (DRL), Konsulluq İşləri Bürosunu (CA) və Girovlarla İş üzrə Xüsusi Nümayəndənin Ofisini (SPEHA) bu jurnalistlərin müdafiəsi üçün hərəkətə keçməyə təşviq etsin.
Senatorlar bu jurnalistlərin azad olunmasının təminatına dair konkret plan təqdim olunmasını istəyiblər.
Xatırlatma
AzadlıqRadiosunun jurnalisti F.Mehralızadə "Abzas Media"ya qarşı cinayət işi üzrə təqsirləndirilsə də, özü və bu media orqanının jurnalistləri onların arasında əməkdaşlıq olmadığını deyirlər. F.Mehralızadə, son ilyarımda həbs olunmuş jurnalistlər və fəallar kimi, qaçaqmalçılıq və digər maddələrlə ittiham olunur. Onların hamısı həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
F.Mehralızadə deyir ki, onu AzadlıqRadiosunun Azərbaycan xidmətində yayımlanan iqtisadi mövzuda araşdırmalarına, təhlillərinə görə cəzalandırıblar. Onun fikrincə, həmin vaxt hökumət təmsilçiləri istintaqı davam edən "AbzasMedia" ilə bağlı cinayət işinə onu da qoşublar.