Keçid linkləri

2025, 30 May, Cümə, Bakı vaxtı 09:44

'Ötən ilin bu günü'. Fərid Mehralızadə saxlandığı günü belə təsvir edir


Fərid Mehralızadə məhkəmədən aparılır
Fərid Mehralızadə məhkəmədən aparılır

AzadlıqRadiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadə ötən il mayın 30-da saxlanılıb. O, "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı cinayət işi çərçivəsində qaçaqmalçılıq və digər maddələrlə ittiham olunub. Prokuror ona 12 il həbs cəzası, avtomobilinin müsadirəsini istəyib.

Həm F.Mehralızadə, həm də "AbzasMedia" onların arasında işgüzar bağlılıq olmadığını bildiriblər. Jurnalist məhkəməsində deyib ki, AzadlıqRadiosunda gedən yazılarına görə cəzalandırılıb.

F.Mehralızadə AzadlıqRadiosuna məktubunda saxlandığı günü belə təsvir edir:

Maskalıların hücumu

"30 may 2024-cü il. Hər gün olduğu kimi, 07:30-da zəngli saatın səsinə oyanıram. İşə getmək üçün evdən çıxarkən günümü planlaşdırdığım mobil tətbiqdə 30 may üçün olan qeydlərimə baxıram. Saat 15:00-da iqtisadçı dostumla görüşüb üzərində işlədiyimiz məqaləni tərcümə etməliyik. Saat 08:30 radələrində bir o qədər də gediş-gəliş olmayan küçədə avtomobildən enirəm. Çox dar olan və avtomobilini burada park edən şəxslərdən başqa heç kəsin yolu düşməyən bu küçədə hər birində iki nəfər olmaqla üç avtomobilin dayanması mənə qəribə gəlsə də, bunun mənimlə bağlı olduğu ağlıma gəlmir.

Həmin avtomobillərin yanından ötüb keçirəm. Küçənin sonuna yaxınlaşdıqda küçənin girişinin avtomobillərlə bağlandığını görürəm. Həmin avtomobillərin arxasından qışqırıq səsi gəlir, ancaq səs aydın deyil. Bir neçə addım da atdıqda qarşıdakı avtomobillərin arxasında çox sayda maskalı və cüssəli adamların olduğunu gördüm. İşin qəribə tərəfi odur ki, hələ də bunun mənimlə bağlı olduğu ağlıma gəlmir. Həmin ərazidə hansısa kriminal hadisə baş verdiyini və ya əməliyyat getdiyini düşünüb yerimdə dururam. Elə həmin an maskalı adamlar var gücü ilə mənə doğru şığımağa başlayırlar. Bu vaxt onların qışqırdığı ifadə də aydın eşidilir: "Dayan!", "Dur!". Mənə doğru qaçan şəxslərin yanıma çatmasına az qalmış arxadan başıma torba keçirilir. Görünür, ilk gördüyüm üç avtomobildə olanlardan biri arxamca gəlirmiş. Bununla da mənim üçün bir ildir davam edən zülmət qaranlıq başlamış olur.

"İki saatdan sonra torba başımdan çıxarılır"

Yanıma çatan adamlar əllərimi qandalladıqdan sonra cibimdən mobil telefonumu və avtomobilimin açarını götürüb məni maşına oturdurlar. Ətrafı görməsəm də, cibimdəki əşyaları götürən şəxsin avtomobilimi gətirməsi üçün kiməsə əmr etdiyini eşidirəm. Daha sonra həmin şəxslər məni BŞBPİ-yə deyil, indiyədək hara olduğu gizlədilən yerə aparır. Getdiyimiz yerə çatmağa az qalmış avtomobildəki adamlardan biri telefonla danışır və danışdığı şəxsə arxa qapıda hazır olmağı tapşırır. Həmin yerə çatdıqda niyə həbs olunduğumu soruşuram. Bunu mənə başa salacaqlarını bildirirlər. "Başasalma prosesi" təxminən yarım saat davam edir. Nəhayət, otağa kimsə daxil olur və "götürün getdik" sözləri eşidilir. Yenidən avtomobilə aparılıram. Həmin vaxt avtomobildə "Dərviş bənd" qrupunun ifasında "Dünya sənin, dünya mənim" mahnısı səslənir. Yanımda oturanlardan biri mahnıya yaxşı qulaq asmağımı və bunun həyatda eşitdiyim son mahnı olacağını deyir.

Nəhayət, BŞBPİ-nin əməkdaşlarına təhvil verilirəm və yaşanan dialoqdan anlaşılır ki, məni təhvil alanlar məni gətirən adamları tanımır. Müstəntiq otağa daxil olduqda iki saatdan sonra torba başımdan çıxarılır. Müstəntiqin ilk sualı sanki seçim xarakterlidir: "AbzasMedia, ToplumTV, MeydanTV və AzadlıqRadiosu - bu media orqanları haqqında nə bilirsən?". Hiss olunur ki, müstəntiq mənə sual verməkdə çətinlik çəkir, çünki kim olduğumu və niyə bura gətirildiyimi bilmir, çünki həbsimin sifarişçiləri məni BŞBPİ-yə verərək nəsə düz-qoş etməyi tapşırıblar. Biraz fikirləşdikdən sonra mobil nömrəmi soruşur və kompüterində Ülvi Həsənliyə zəng edən və Ülvinin zəng etdiyi şəxslərin nömrələri olan faylı açır. Mənim nömrəmi həmin siyahıda axtardıqdan sonra "yox, sən Ülvi ilə danışmamısan" deyir.

Yolüstü hal şahidini də götürürlər

Yenidən sükut çökür. Bir müddət sonra evimdə axtarış aparılacağı bildirilir. Həyat yoldaşımın hamilə olduğunu və evə basqın formasında daxil olmağın onun sağlamlığı üçün fəsad yarada biləcəyini deyib öncədən xəbər verməyi tələb edirəm. Tələbim yerinə yetirilməsə də, problem yaratmayacaqlarına söz verirlər. Axtarışda müstəntiqi müşayiət edəcək çox sayda mülkigeyimli şəxs otağa daxil olur. Axtarışa getmək üçün avtomobilə minərkən mülkigeyimlilərdən biri yenidən torbanı gətirir. Mülkigeyimlilərin başçısı olduğu hiss edilən şəxs torbanı gətirən şəxsin ünvanına yağlı bir söyüş söyür və "adam öz evinə gedir, nəyi gizlədəcəksən?!" – deyə qışqırır.

Daha sonra yalnız Azərbaycan hüquq sistemində görə biləcəyimiz hadisə yaşanır. Məni yaşadığım evdə axtarışa aparan avtomobillə hal şahidi kimi axtarışda iştirak edən şəxsi evindən götürməyə gedirik. Ünvana çatdıqdan sonra hal şahidi yanımda əyləşir. Axtarış üçün yaşadığım evə gedərkən təxminən 20 dəqiqəlik yolda avtomobil azı 10 dəfə qəza şəraiti yaradır. Niyə tələsdikləri və niyə sürət həddini aşdıqları mənə məlum deyil. İş o həddə çatır ki, yol polisinin avtomobili məni evdə axtarışa aparan avtomobili saxlamaq üçün onun ardınca düşür. Qarşıdakı digər bir yol polisi maşınındakı yol polisi isə avtomobildən düşərək yolun ortasına, məni aparan maşının qarşısına qaçır. Avtomobildəki hər kəs eyni vaxtda əlini çiyninə apararaq poqon işarəsini göstərir. Avtomobildəki mülkigeyimlilərdən biri ratsiyanı götürərək həmin yol polisi maşınının nömrəsini deyib onlara əməliyyata getdiklərini deməyi tapşırır.

Fərid Mehralızadənin məhkəməsi
Fərid Mehralızadənin məhkəməsi

Əliqandallı 16-cı mərtəbəyə

Yaşadığım binaya çatırıq. Lifti hərəkətə gətirmək üçün lazım olan kart üzərimdə olmadığı üçün liftin önündə dayanıb başqa bir bina sakininin gəlməsini gözləyirik, ancaq gələn yoxdur. Sonda məndən neçənci mərtəbədə yaşadığımı soruşmadan pilləkənlə qalxacağımız elan olunur. Mən də susuram. Təxminən beşinci mərtəbəyə çatanda neçənci mərtəbədə yaşadığımı soruşmaq müstəntiqin ağlına gəlir. 16-cı mərtəbədə yaşadığımı dedikdə axtarışa gələnlər kiçikmiqyaslı şok yaşayır, amma geriyə yol yoxdur. Hər üç-dörd mərtəbədən sonra bir neçə dəqiqə fasilə verməklə 16-cı mərtəbəyə qalxırıq. Bircə fərqlə: onlar əli belində, mən əliqandallı. Mənzilə çatdıqda bütün axtarış komandası əldən düşmüş halda idi. Mənzilə çatdıqda müstəntiq sözünü tutur. Mənə qapıya özümün yaxınlaşmağımı və vəziyyəti izah edib onları çağırmağımı deyir. Qapı açılanda əlimdəki qandaldan hər şey aydınlaşır. Sonradan öyrənirəm ki, belə gəlişim ailə üzvlərimi hətta biraz rahatladıb. Həbs olunanda cəmi 20 gün idi ki, avtomobil idarə edirdim və saatlardır məndən xəbər ala bilmədikdə ağıllarına gələn ilk versiya qəzaya düşməyim olub.

Rəsulzadənin seçilmiş əsərləri, xarici qəpiklər

Evi ələk-vələk etsələr də, sübut xarakterli heç nə tapılmır. Evdəki bütün elektron cihazlar götürülür və həmin cihazlarda da sübut xarakterli heç bir məlumat olmadığı ekspertiza rəyi ilə təsdiqlənir. Axtarış zamanı şəxsi kitabxanamdakı kitablar da bir-bir nəzərdən keçirilir. Əməliyyatçı kitab rəfindəki kitablardan üçünü götürərək əməliyyatçıların başçısının qulağına nə isə pıçıldayır. Maraqlıdır ki, "qaçaqmalçılıq" ittihamı ilə aparılan axtarışda əməliyyatçının diqqətini sadəcə siyasi kitablar çəkir: Məmməd Əmin Rəsulzadənin seçilmiş əsərləri, tarixçi Cəmil Həsənlinin "Azərbaycan Sovet liberalizmi" adlı kitabı, bir də Robert Qrinin "Hakimiyyətin 48 qanunu" kitabı.

Axtarış zamanı müstəntiqin ən çox gözdən keçirdiyi isə yüzə yaxın ölkənin qəpiklərindən ibarət olan qəpik pul kolleksiyamdır. Xoşbəxtlikdən kolleksiyanı kağız yox, qəpik pullardan yığmışam. Yoxsa əksəriyyəti artıq tədavüldə olmayan bu pullar da cinayət işində "sübut" kimi qiymətləndiriləcəkdi. 10 il öncə ("Abzas Media" yaranmamış) Ülvi Həsənli ilə beş gün fərqlə ölkəyə daxil olmağımı və Sevinc Vaqifqızı ilə eyni bölgədən olmağımızı sübut kimi qiymətləndirən təxəyyüldən hər şey gözləmək olar...

Polis idarəsində tort və çay qonaqlığı

Axtarış başa çatır. Bu dəfə liftlə aşağı enirik. Birinci mərtəbədə liftin qapısı açılanda bir qadın və məktəbdən gəldikləri görünən iki uşaq görünür. Əlimdəki qandalı və qollarıma girən polisləri görən qadın diksinir və qorxaraq uşaqları kənara çəkir. Yazıq qadın nə bilsin ki, qorxulacaq adam mən yox, məni şərləyərək tutanlardır.

Qapıya çatanda artıq blokun qarşısına çox sayda post patrul əməkdaşının düzüldüyünü görürəm. Mən qapıdan çıxarkən Meydan TV-nin bir qədər kənarda gözləyən, hazırda həbsdə olan jurnalisti Aytac Tapdıq çəkiliş etməyə başlayır, elə həmin an polis əməkdaşı onu yerə yıxaraq telefonunu əlindən alıb qaçır.

Yenidən BŞBPİ-nə gətirilirəm. İfadəm alınarkən məndən sadəcə olaraq "AbzasMedia" ilə bağlı cinayət işində məndən öncə həbs olunan digər altı şəxsi tanıyıb tanımadığım soruşulur. Daha sonra müstəntiq otağı tərk edir və təxminən üç saat otaqda qalıram. BŞBPİ-də siyasi motivli işlərin istintaqını aparan xüsusilə Mühüm İşlər Şöbəsi ölkə mediasında repressiya küləkləri əsdirsə də, idarədə həyat öz axarı ilə davam edir. Kiminsə doğum günüdür. Hətta, mənə də tort və çay gətirilir.

Nəhayət, 18:30 radələrində vəkilim xeyli məşəqqətdən sonra yanıma gələ bilir. Halbuki o, artıq günorta saatlarından BŞBPİ-yə gəlmişdi, ancaq qapıda ona mənim orada olmadığım deyilir və müdafiəçimdən BŞBPİ-ni tərk etmək tələb edilirdi.

'Əmin olmaq istəyirlər ki, rejimə qarşı çıxan və ya onu tənqid edən yoxdur'
Gözlə

No media source currently available

0:00 0:07:05 0:00

Bir neçə il öncə yuyulmuş yataq dəsti, sevgi-məhəbbət şeirləri...

Saat 19:30 radələrində daha 48 saat saxlanılacağım bildirilir. Bunu elan edən şəxs əslində məni tutmaq istəmədiklərini, ancaq dostlarım çöldə çox səs-küy saldığı üçün məni daha 48 saat saxlamağa məcbur olduqlarını deyir. Ancaq dediyinə heç özünün də inanmadığı aydın görünür. Bir müddət sonra Xətai rayonundakı Müvəqqəti Saxlama Yerinə aparılıram. Daxil olduğum kamerada diqqətimi çəkən ilk şey yataq dəstinin sonuncu dəfə bir neçə il öncə yuyulmuş olmasıdır. Yeni yataq dəsti istəyəndə buranın otel olmadığı cavabını eşidirəm. Kamerada mənimlə birgə vasitəçilik etdiyi və ödənməyən borc məsələsinə görə tutulan bir nəfər də var. Bu gözəl qəlbli insan mən məhkəməyə getmədən öncə işimə kömək edəcəyinə inandığı üçün mənə ərəbcə bir dua əzbərlətməyə çalışdı. Siyasi repressiyanın qarşısını alacağına inanmasam da, qəlbini qırmamaq üçün ərəbcə dediyi sözləri təkrarlayıram.

Yuxu tutmadığı üçün gecə nəzarətçisi polis əməkdaşından burada kitab olub-olmadığını soruşuram. Polis əməkdaşı bir əyalət şairinin şeirlərindən ibarət olan və 2000-ci illərin əvvəllərində çap edilmiş kitab gətirir. Sevgi-məhəbbət və təbiət təsvirlərindən bəhs edən şeirlər ürəyimi açmadığı üçün kitabı qapatmaq istəyərkən kitabın sonunda bir məqalə də olduğunu görürəm. Məqalənin adı diqqətimi çəkir – "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram". Məqalədə müəllif Azərbaycanın müstəqilliyini bərpa etsə də, Qarabağı itirdiyi üçün tam azad olmadığından bəhs edir. İşin qəribə tərəfi isə odur ki, müəllif Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmamasını ölkədə seçkilərin saxtalaşdırılması və müəllimlərin də bu prosesə cəlb edilməsi, ölkədə insan hüquqlarına hörmət edilməməsi kimi fikirlərlə əsaslandırır. Siyasi motivlə həbs olunub polis strukturuna daxil olan məkanda bu fikirləri oxumaq necə də ironik görünür. Bu qarışıq fikirlərlə 30 may günü başa çatır.

"Əleyhimə bir cümlə belə ifadə yoxdur"

1 iyunda məhkəməyə çıxarılıram. İttiham tərəfi barəmdə həbs-qətimkan tədbiri seçilməsi barədə vəsatətlə çıxış edir, ancaq vəsatəti əsaslandırmır. Müdafiəçimin təkidlərindən sonra guya əleyhimə ifadə olduğunu və bunu araşdırmaq üçün barəmdə həbs qərarı seçilməsini istədiklərini bildirir. Hakim isə əleyhimə ifadə olduğunu əsas gətirərək barəmdə həbs qərarı seçir. İbtidai istintaq başa çatdıqdan sonra cinayət işi materialları ilə tanış olarkən məlum olur ki, əleyhimə bir cümlə belə ifadə yoxdur...

Yəni, barəmdə heç bir hüquqi əsas olmadan həbs qərarı verilib və hal-hazırda da heç bir hüquqi əsas olmadığı halda, 12 il həbs istənilir. Uzun sözün qısası, 365 gündür ki, ədalət mühakiməsinə deyil, ədalətin qətl edilməsinə şahidlik edirəm".

F.Mehralızadə zorakılıqla saxlanması barədə məhkəmədə ifadəsində də danışıb. O, Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) telefonunun şifrəsini verməkdən ötrü fiziki və psixoloji təzyiqlərə məruz qaldığını deyib. Güc strukturları indiyədək bu deyilənlərə münasibət bildirməyib.

Dövlət ittihamçısı "AbzasMedia" jurnalistlərinə qarşı 11-12 illik həbs cəzası istəyib. Həm bu iş üzrə təqsirləndirilənlər, həm də son 18 ayda saxlanaraq qaçaqmalçılıq və digər maliyyə cinayətlərində ittiham olunan azı 20 jurnalist həbslərini siyasi motivli sayır, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi təqiblərin olması barədə deyilənləri rədd edirlər. Beynəlxalq insan haqları qurumları isə haqsız tutulanları azad etməyə çağırır.

XS
SM
MD
LG