Keçid linkləri

2025, 29 May, Cümə axşamı, Bakı vaxtı 21:13

Fərid Mehralızadə prokurorun ona 12 il həbs istəməsinə cavab verir


 Fərid Mehralızadə
Fərid Mehralızadə

AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə xarici ölkələrə səfər edən və avtomobili olan Azərbaycan vətəndaşlarını diqqətli olmağa çağırıb.

"Prokuror Rauf Malışov barəmdəki ittihamın sübuta yetirildiyini deyərkən, sadəcə bir "sübut"dan istifadə etdi-xarici ölkələrə səfər etməyim... Söhbət xaricdən qayıdarkən ölkəyə xarici valyuta gətirdiyimi sübut edən hansısa sənəd, görüntü, yazışma və ya hər hansı bir maddi sübutdan getmir. Sadəcə olaraq Azərbaycandan başqa ölkəyə getməyimdən gedir. Bu baxımdan, məndə belə təəssürat yaranır ki, həbsimi sifariş edən dövlət qurumu Dövlət Turizm Agentliyidir. Ölkədaxili turizmə az töhfə verdiyim üçün məni cəzalandırır", – jurnalist həbsdən AzadlıqRadiosuna yazır.

Mayın 20-də "AbzasMedia"ya qarşı məhkəmə prosesində dövlət ittihamçısı R.Malışov F.Mehralızadə, nəşrin direktoru Ülvi Həsənli və jurnalist Hafiz Babalıya 12 il həbs cəzası istəyib. O, F.Mehralızadənin avtomobilinin də müsadirəsini tələb edib. İş üzrə təqsirləndirilən baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz AbsalamovaElnarə Qasımovaya isə 11 il həbs istənilib.

Jurnalistlər qaçaqmalçılıq və digər maddələrlə təqsirləndirilsələr də, özləri ittihamları peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

F.Mehralızadə prokurorun onun avtomobilini müsadirə etmək tələbini absurd sayır. O, həbs olunduğu tarixdən öncəki bir il ərzində rəsmi gəlirinin 54 min manata bərabər olduğunu vurğulayır.

""Cinayət yolu ilə əldə etdiyim" vəsait hesabına aldığım avtomobilin xaricdən sifarişi üçün ödədiyim vəsait isə cəmi 7 min 800 dollardır, təxminən 13 min 300 manat. Bu məbləğ mənim təxminən üç aylıq gəlirimə bərabərdir və mən 2019-cu ildən rəsmi əmək müqaviləsi əsasında çalışmışam. Prokuror Malışovun təxəyyüllünə heyran olmamaq əldə deyil. Bir daha xəbərdarlıq edirəm: Xarici ölkələrə səfər edərkən və avtomobil alarkən diqqətli olun. Bu sizin 12 ilədək həbs olunmağınıza səbəb ola bilər", – F.Mehralızadə yazır.

'Əmin olmaq istəyirlər ki, rejimə qarşı çıxan və ya onu tənqid edən yoxdur'
Gözlə

No media source currently available

0:00 0:07:05 0:00

Xatırlatma

Mayın 30-da F.Mehralızadənin həbsinin bir ili tamam olur. ABŞ Konqresinin üzvü Ceyms Makqovern mayın 20-də Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq onu dərhal azad etməyə çağırıb. Mayın 23-də isə bir qrup ABŞ senatoru ABŞ Qlobal Media Agentliyinə (USAGM) bağlı jurnalistlərin müdafiəsi üçün dövlət katibi Mark Rubioya müraciət ünvanlayıb. F.Mehralızadə də bu beş jurnalistin sırasındadır. Senatorlar sözügedən jurnalistlərin unudulmaq və diqqətdən kənarda qalmaq riski ilə üz-üzə qalmasından narahatlıq bildirib, onların azad olunmasının təminatına dair konkret plan təqdim olunmasını istəyiblər.

Hazırda Azərbaycanda azı 30 jurnalist, ictimai və siyasi fəal qaçaqmalçılıq və digər ittihamlarla həbsdədir. Hakimiyyət təmsilçiləri onların konkret cinayətlərə görə həbs olunduğunu deyirlər. Beynəlxalq insan haqları qurumları isə haqsız tutulanları azad etməyə çağırır.

XS
SM
MD
LG