Keçid linkləri

2025, 30 May, Cümə, Bakı vaxtı 09:11

Paşinyan: Xalqımızın artıq vətən aramağa ehtiyacı yoxdur


Nikol Paşinyan
Nikol Paşinyan

Bakı və Yerevan hazırda sülh sazişinin imzalanma vaxtı və digər texniki məsələlərlə bağlı razılığa gəlmək üçün ikitərəfli müzakirələr aparır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Respublika Günü ilə bağlı Sardarapat Memorial Kompleksində çıxışı zamanı bəyan edib.

Paşinyan deyib ki, artıq müharibə deyil, sülh olacaq.

"Biz artıq itkilərlə dolu tarixi bir dövrü arxada qoymuş, nailiyyətlər dövrünə daxil olmuşuq. Ermənistan Respublikasının yol yoldaşları artıq bədbinlik və ümidsizlik deyil. Sülh və təhlükəsizlik Ermənistanın uzunmüddətli yoldaşlarına çevriləcək – müharibə olmayacaq, sülh olacaq", - Paşinyan vurğulayıb.

Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəldiyini xatırladan hökumət başçısı bildirib ki, hazırda sənədin imzalanmasının detalları üzrə ikitərəfli məsləhətləşmələr aparılır.

Paşinyanın sözlərinə görə, erməni xalqı tarixi və dünyanı hələ də Sovet İttifaqının imperialist təbliğatının aşılamış olduğu formullar vasitəsilə dərk etməyə davam edir.

"Dövlətimizin və kimliyimizin davamlılığını təmin etmək üçün ilk növbədə biz məhz bunu aşmalıyıq. Bunun nəticəsində bir sıra əsas reallıqları dərk edib mənimsəyə biləcəyik", –o bildirib.

"Bizim kimliyimiz – bizim dövlətimizdir, bizim dövlətimiz – bizim kimliyimizdir. 29.743 kvadratkilometr beynəlxalq səviyyədə tanınmış əraziyə malik Ermənistan Respublikası xalqımızın itkilərinin deyil, nailiyyətlərinin ifadəsidir. Xalqımızın artıq bir vətən axtarmağa ehtiyacı yoxdur", – o vurğulayıb.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı birgünlük hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycan birgünlük əməliyyatı "antiterror tədbirləri", Yerevan isə "etnik təmizləmə" adlandırıb. Həmin əməliyyatdan sonra bölgənin erməni əhalisi Ermənistana köç edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər mart ayında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.

XS
SM
MD
LG