Keçid linkləri

2025, 30 May, Cümə, Bakı vaxtı 08:43

Aİ Rusiyaya qarşı Qara dəniz Təhlükəsizlik Mərkəzinin yaradılmasını gündəmə gətirib


Ukrayna hərbçiləri 2022-ci ildə fırtınanın sahilə vurduğu gəmi əleyhinə minanı zərərsizləşdirirlər.
Ukrayna hərbçiləri 2022-ci ildə fırtınanın sahilə vurduğu gəmi əleyhinə minanı zərərsizləşdirirlər.

Avropa İttifaqı (Aİ) regionda Rusiyanın fəaliyyətinə qarşı cavab tədbiri olaraq və mühüm dəniz infrastrukturunu qorumaq məqsədilə Qara dəniz regionunda "təhlükəsizlik qovşağı" yaratmağı planlaşdırır.

Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Türkiyə və Ukrayna ilə daha sıx əməkdaşlıq qurmağı hədəfləyən geniş strategiyasının bir hissəsi olan bu planı mayın 28-da Aİ-nin xaric siyasət rəhbəri Kaya Kallas təqdim edib.

Avropa Komissiyasının saytında məlumat verilib ki, Qara dəniz regionu ilə bağlı yeni strategiya Avropanı Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarla birləşdirməklə əlaqələri və iqtisadi inkişafı gücləndirməyi hədəfləyir: "Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə fonunda strategiya həm də Avropa İttifaqının Qara dəniz regionunda etibarlı geosiyasi aktor kimi mövqeyini möhkəmləndirməyə xidmət edəcək".

Bildirilib ki, Qara dənizdə Dəniz Təhlükəsizliyi Qovşağının yaradılması təhlükəsizlik və müdafiəni gücləndirəcək, kritik infrastrukturu qoruyacaq. Qovşağın harada yerləşəcəyi və ya hansı ölkələrin daxil olacağı barədə detallar bəlli deyil.

Yeni strategiya nəqliyyat, enerji və rəqəmsal şəbəkələrin inkişafını da nəzərdə tutur: "Bu gün təqdim olunan strategiya dayanıqlı inkişafı təşviq edəcək və Qara dəniz regionunu Baltik, Aralıq dənizi, Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya istiqamətində birləşdirən nəqliyyat, enerji, rəqəmsal və ticarət dəhlizləri vasitəsilə iqtisadi rifahı yüksəldəcək".

Avropa Komissiyası və Aİ-nin ali nümayəndəsi yeni strategiya çərçivəsində əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaş ölkələrlə xüsusi Aİ nazirlərinin görüşünü təklif edib.

Yeni strategiyada hər hansı maliyyə vədləri və ya konkret qanunvericilik təklifləri yoxdur.

Strategiyada insan haqlarından bəhs edilmir

AzadlıqRadiosu "Avropa İttifaqının Qara dəniz regionuna strateji yanaşması" adlı sənədi əldə edib.

AzadlıqRadiosunun Avropa regionu üzrə redaktoru Rikard Yozvyak yazır ki, strategiya ilə bağlı sənəddə insan hüquqları qeyd olunmayıb, diqqət üç əsas sahəyə yönəlib: "təhlükəsizliyin gücləndirilməsi, inkişaf və rifahın təşviqi, həmçinin ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinə qarşı dayanıqlılıq və hazırlıq".

Brüssel əvvəllər azad və ədalətli seçkilərin olmaması və ölkədə vətəndaş cəmiyyəti üçün fəaliyyət sahəsinin daralmasına görə Azərbaycana qarşı tənqidlər səsləndirirdi. Lakin indiki strategiyada Bakı yalnız enerji əməkdaşlığı və iqlim dəyişikliyi ilə mübarizə kontekstində qeyd olunur. "Regional tərəfdaşlarla, xüsusən də Azərbaycanla əməkdaşlıq Aİ-nin Rusiyanın qalan enerji idxalını mərhələli şəkildə dayandırmaq, enerji diversifikasiyasını sürətləndirmək və bununla da Aİ-nin enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləmək üçün vacib tədbirlərdən biridir. COP29-a ev sahibliyini edən Azərbaycan dekarbonizasiya və çoxşaxəli prosesə sadiqlik göstərmişdir ki, bu da Aİ üçün əsas prioritetdir", - sənəddə qeyd olunub.

XS
SM
MD
LG