İranlı kinorejissor Cəfər Pənahinin son filminin "Qızıl Palma Budağı"na layiq görülməsi İranda və bu ölkənin qlobal diasporunda geniş reaksiyalara səbəb olub.
Bu mükafat uzun müddətdir dissident mövqeyi və hökumət senzurasına qarşı yaradıcı dayanıqlığı ilə tanınan rejissor Pənahi üçün mühüm mərhələdir.
Onun bu mükafata layiq görülməsindən sonra İranın daxilindən və xaricdən olan 150-dən çox sənətçi, yazıçı və vətəndaş cəmiyyəti fəalı Pənahinin uğurunu qeyd edən birgə bəyanat yayıb. Onlar kinorejissorun əzmkarlığını və yaradıcılığını yüksək qiymətləndirib, mükafatı haqqın və sənətin səsinin zülm qarşısında heç vaxt susmayacağının sübutu kimi qiymətləndiriblər.
Fransada yaşayan iranlı karikaturaçı və bəyanatı imzalayanlardan biri olan Mana Neyestani AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib: "Bu mükafat İran İslam Respublikasının nəzarəti və qaydaları xaricində müstəqil kinonun bir növ təsdiqidir. Eyni zamanda İran xalqının azadlıq hərəkatını dəstəkləyir".
İranda dövlətə bağlı media Pənahinin nailiyyətindən təsirlənmiş kimi görünmür və mükafatı Kann və xarici aktyorlar tərəfindən təşkil edilmiş siyasi manevr kimi qiymətləndirib.
İran məhkəmə sisteminin xəbər agentliyi olan "Mizan" Pənahinin filminin mükafatlandırılmasını "Kann Palma budağı"nın siyasi oyunların tələsinə düşməsinin sübutu kimi qiymətləndirib.
İran kinosu üçün "dönüş nöqtəsi"
Bununla belə, bəzi İran nəşrləri Pənahinin qələbəsinin tarixi xarakterini etiraf edərək bunu İran kinosu üçün dönüş nöqtəsi kimi səciyyələndirib.
Bu film gizli şəkildə istehsal edilib və Pənahi filmi "Qadın, Həyat, Azadlıq" hərəkatını dəstəklədiklərinə görə təqiblərlə üzləşmiş İran kinorejissorlarına, xüsusən də qadınlara həsr edib.
Pənahi Kannda jurnalistlərə bildirib ki, mükafatlandırma mərasimindən dərhal sonra İrana qayıdacaq. O, mayın 26-ı səhər saatlarında tərəfdarlarının alqışları ilə Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanına enib.
Kann festivalı başlamazdan əvvəl AzadlıqRadiosunun "Fərda" xidməti mənbələrinə istinadən xəbər vermişdi ki, sözügedən filmin yaradıcı heyəti artan təzyiqlərlə üzləşib, təhlükəsizlik qurumları tərəfindən sorğuya cəlb olunublar.
Kannda mükafat qazanan iranlı dissident kinorejissor ölkəsinə qayıdacağını bildirib
İranlı rejissor Cəfər Pənahi mayın 24-də Fransada keçirilən Kann Kinofestivalında əsas mükafat olan "Qızıl Palma Budağı"na layiq görülüb.
İranlı müxalif rejissor öz ölkəsində dəfələrlə həbs olunub və illərdir onun xaricə səfər etməsi qadağan qoyulub.
Bu, ardıcıl ikinci ildir ki, iranlı rejissorlar Kann Kinofestivalında diqqət mərkəzindədir. 2024-cü ildə rejissor Məhəmməd Rəsulof festivalda filminin nümayişində iştirak edə bilmək üçün ölkəsindən qaçmaq məcburiyyətində qalmışdı.
Son illərdə İranda gizli şəkildə bir neçə film çəkmiş 64 yaşlı rejissor C.Pənahi bu il Kann kinofestivalının nüfuzlu mükafatını "Sadəcə bir qəza idi" adlı filmi ilə qazanıb. Film İranda keçmiş dustaqlardan ibarət bir qrupun onlara işgəncə verdiyi iddia edilən bir keşikçini oğurlamasından bəhs edir.
Pənahi mükafatı alarkən öz vətənində azadlıq və birlik çağırışı edib. İran uzun müddətdir beynəlxalq təşkilatlar tərəfindən insan haqlarının pozulmasına görə tənqid olunur və Qərbin sərt iqtisadi sanksiyaları altındadır.
O, tamaşaçıların gurultulu alqışları altında mükafatı qəbul edərkən deyib: "Ölkəmdə və xaricdə müxtəlif dinlərə mənsub insanlardan, qruplardan azadlıq, insan ləyaqəti və demokratiya uğrunda mübarizə aparan bütün iranlılardan xahişim var. Bütün fikir ayrılıqlarını bir kənara qoyun. İndi vacib olan ölkəmizin bütövlüyüdür. Ümid edirik ki, azadlığa ən qısa zamanda nail olacağıq. Heç kim bizə hansı paltarı geyinməli olduğumuzu, nə etməli olduğumuzu və ya etməməli olduğumuzu deməyə cəsarət etməməlidir. Kino bir cəmiyyətdir. Heç kimin nə etməli olduğumuzu və ya nədən çəkinməli olduğumuzu söyləməyə haqqı yoxdur".
"İran rejiminin zülmünə qarşı müqavimət jesti"
Fransanın xarici işlər naziri Jan-Noel Baro Pənahinin mükafatlandırılmasını "İran rejiminin zülmünə qarşı müqavimət jesti" adlandırıb. Bu şərhi "təhqir" adlandıran İran Xarici İşlər Nazirliyi Parisin Tehrandakı nümayəndəsini çağırıb.
C.Pənahi 2023-cü ilin aprelində, 14 illik fasilədən sonra ilk dəfə olaraq İranı tərk edib. Bu, onun fəallığına görə aldığı həbs cəzasını başa vurmasından və ölkə hakimiyyətinin ona tətbiq etdiyi səfər qadağasını ləğvindən sonra mümkün olub.
Pənahi 2022-ci ilin iyulunda həbs olunmazdan bir neçə gün əvvəl 300-dən çox iranlı rejissorla birlikdə açıq məktub imzalayaraq təhlükəsizlik qüvvələrini silahlarını yerə qoymağa çağırmışdı. Bu məktub Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən bina uçqununa qarşı keçirilən etiraz aksiyalarına dövlətin sərt və qanlı müdaxiləsinə reaksiya olaraq yazılmışdı. Məktubda ictimai qəzəbin səbəbi kimi "korrupsiya, oğurluq, repressiya" göstərilirdi.
Bu etirazlar 2022-ci ilin sentyabrında ölkədə baş örtüyü qanununu pozduğu iddiası ilə polis nəzarətində olan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra iğtişaş dalğası ilə müşayiət olundu.
Pənahi indi Kannın "Qızıl Palma budağı", Venesiyanın "Qızıl Aslanı" və Berlinin "Qızıl Ayı" mükafatlarını qazanıb. O, bu uğura imza atan dörd rejissordan biridir.
Bir il əvvəl Rəsulof Kannda filminin premyerasında iştirak etmək üçün İrandan qaçıb. O, Almaniyada məskunlaşıb.
Ancaq Pənahi Tehrana qayıtmağa söz verib. Geri qayıtmaqla bağlı narahatlığının olub-olmadığını soruşduqda Pənahi belə cavab verib: "Heç də yox. Sabah İrana yola düşürük. Qalib olsam da, olmasam da, mən hər iki yolla geri dönəcəkdim. Çətinliklərdən qorxmayın".