Keçid linkləri

2025, 31 May, şənbə, Bakı vaxtı 13:38

Fərid Mehralızadənin həbsindən bir il keçir. O, həbsdə də dövlət propaqandasını sorğulayır


Fərid Mehralızadə həbsdə də hökumətin dediyini ifşa edir
Gözlə

No media source currently available

0:00 0:06:55 0:00

Fərid Mehralızadə həbsdə də hökumətin dediyini ifşa edir

AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə Azərbaycanda dövlət propaqandasını alt-üst edən analitik yazılarına görə tanınırdı. Amma bir ildir o özü həbsdə hər gün elə bu propaqandanı eşidir.

İqtisadçı Mehralızadə 2024-cü il mayın 30-da saxlanılıb. Təhlükəsizlik qurumları onun başına torba keçirib, qulağına deyiblər ki, "Dilin çox uzanıb".

Jurnalistə siyasi motivli saydığı qaçaqmalçılıq ittihamı irəli sürülüb. O isə məhkəməsində məhz AzadlıqRadiosundakı tənqidi yazılarına görə cəzalandırıldığını bildirib.

30 yaşlı Mehralızadənin həbsdə yalnız dövlət mediasına çıxışı var.

"365 gündür ki, ədalət mühakiməsinə deyil, ədalətin qətl edilməsinə şahidlik edirəm", – o, həbsxanadan yazır.

Bu bir il ərzində ailəsindən ayrı düşən Fəridin qızı dünyaya gəlib.

Əliyev hakimiyyəti dövründə artan tendensiya

Atası Heydər Əliyevin ölümündən sonra prezident postuna keçən İlham Əliyev jurnalistləri, müxalifət fiqurlarını, vətəndaş cəmiyyəti fəallarını saxlamaqla narazı səsləri susdurmaqda ittiham olunur.

Son iki ildə bu tendensiya güclənib, azı 30 jurnalist və insan haqları müdafiəçisi oxşar ittihamlarla həbsə atılıb, beynəlxalq qurumlar bu həbsləri siyasi motivli sayır.

Hakimiyyət isə bu ittihamları rədd edir, Mehralızadə və digərlərinin konkret kriminal hərəkətlərə görə həbs olunduğunu bildirir.

Hakim YAP-dan Hikmət Babaoğlu AzadlıqRadiosuna deyir ki, Azərbaycanda heç kəs peşə mənsubiyyətinə görə həbs olunmur: "Hansı hüquqda, hansı demokratik hökumətdə yazılıb ki, jurnalist qanunu pozarsa, həbs olunmamalıdır? Bizim fəxri peşələrimiz ola bilər, amma hüquq qarşısında hamımız bərabərik. Kimsə peşə fəaliyyətini önə çəkərək hüquqdan gizlənmək istəyirsə, bu, doğru deyil, heç bir həbsdə siyasi motiv axtarmaq lazım deyil".

Stiven Kapus
Stiven Kapus

"O, qanunsuz heç bir şey etməyib"

"Azərbaycan hakimiyyəti Fərid Mehralizadənin həyatından bir ili oğurlayıb. Bu bir ili o, ailəsinin böyüməsinin sevinc və həyəcanını yaşamalıydı. Fərid bunun əvəzində ilk uşağının doğulmasını belə görməyib, bu bir ili "jurnalistika" adlı "cinayət"ə görə barmaqlıqlar arxasında keçirib. O, qanunsuz heç bir şey etməyib və dərhal azad olunmalıdır", – bu bəyanatla Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus çıxış edib.

F.Mehralızadə məhkəməsində həbs olunma şəraitini həbsinin məhz siyasi motivli olmasına dəlil kimi təsvir edib. Jurnalist deyib ki, iqtisadi təhlilləri hökumətin neft və qazdan asılılığını, rəsmi işsizlik və yoxsulluq statistikalarını mübahisələndirib.

"Orada bir polis vardı, mənə dedi ki, "cavan oğlansan, sənə AzadlıqRadiosu lazımdır? Başını sal aşağı, həyatını yaşa da"... Həmin şəxsin bu ifadəni işlətməsi onu göstərir ki, həbsimin əsl səbəbi məhz AzadlıqRadiosunda yayımlanan yazılarımla bağlıdır", – Fərid məhkəməsində deyirdi.

Sonradan ona qanunsuz sahibkarlıq, vergidən yayınma, digər ittihamlar da verilib. Özü və tərəfdarları isə bütün bunları qondarma, cinayət işinin siyasi qüvvələr tərəfindən quraşdırılmasına əlavə dəlil sayır.

Mayın 20-də "AbzasMedia"ya qarşı məhkəmə prosesində dövlət ittihamçısı R.Malışov F.Mehralızadə, nəşrin direktoru Ülvi Həsənli və jurnalist Hafiz Babalıya 12 il həbs cəzası istəyib. O, F.Mehralızadənin avtomobilinin də müsadirəsini tələb edib. İş üzrə təqsirləndirilən baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovaya isə 11 il həbs istənilib.

Attila Monq
Attila Monq

CPJ-dən ABŞ rəsmilərinə çağırış

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa üzrə təmsilçisi Attila Monq AzadlıqRadiosuna deyib ki, Fəridin həbsdə biri ili tamamlaması Azərbaycanda müstəqil və tənqidi mediaya qarşı davam edən basqıların daha bir acınacaqlı mərhələsidir.

"Jurnalistləri Müdafiə Komitəsi (CPJ) prokurorluğun Fərid üçün tələb etdiyi 12 illik ağır cəzadan dərin narahatlıq keçirir. Hazırda həbsdə olan və azadlıqdan uzunmüddətli məhrumolma təhlükəsi ilə üzləşən 20-dən çox jurnalistdən biri kimi Fərid də heç bir cinayət törətməyib. Onun "günah"ı AzadlıqRadiosunun jurnalisti olması və iqtisadçı ekspert kimi müstəqil mediaya tənqidi müsahibələr verməsidir. Artıq Azərbaycan hökuməti Fəridi evinə, ailəsinin və o həbsdə olarkən doğulmuş qızının yanına buraxmalıdır. Özəlliklə ABŞ rəsmiləri AzadlıqRadiosunun jurnalisti kimi onun azadlığa buraxılması üçün əllərindən gələni etməlidirlər”, – A.Monq deyib.

Dövlət propaqandasını dəmir barmaqlıqlar arxasından da puça çıxarmaq

Həbsdə informasiyaya çıxışının məhdudlaşdırılmasına baxmayaraq, F.Mehralızadə hökumətin nəzarətində olan mediada gedən kontenti yenə sorğulayır. Məsələn, hökumət idarə etdiyi media vasitəsilə deyir ki, ölkədə dayanıqlı inkişaf var. Əslində isə neft-qaz sektoru gəlirlərindən asılılıq digər sahələri üstələdiyindən qeyri-neft sahəsində ixracatın az olması, regionlararası bərabərsizlik Azərbaycan iqtisadiyyatını dayanıqlı yox, kövrək edir – bu sahənin iqtisadi tədqiqatçıları bu fikirdədir.

“Büdcənin 50, ixracın 90 faizi neft və qaz sektorunun payına düşür. Yəni, büdcə və valyuta gəlirləri dayanıqlı deyil, enerji sektorunda qiymətlər düşsə, böhran baş verəcək. Hansı ki 2015-ci ildə də biz bunu yaşamışdıq. Biznes mühiti liberal deyil, rəqabət imkanları məhduddur", – bunu F.Mehralızadə deyir.

Hökumət idarə etdiyi media vasitəsilə deyir ki, ölkədə sosial rifah yüksək səviyyədədir.

Fərid Mehralızadə məhkəmədə
Fərid Mehralızadə məhkəmədə

Reallıqda durum necədir?

F.Mehralızadə: "Pensiya yaşı inkişaf etmiş ölkələr səviyyəsindədir, halbuki ömür uzunluğu onlardan azdır. Yəni, sosial rifah dövlətində pensiyaya çıxmaq belə çətin olmur. İşsizlikdən sığorta mexanizminin əhatə dairəsi məhduddur. Sosial minimumlar (yaşayış minimumu, minimum pensiya və maaş) real minimum tələblərinə cavab vermir. Gəlir və sərvət bərabərsizliyi yüksəkdir. Uşaqlarla bağlı mexanizmin əhatə dairəsi məhduddur".

Həbsdən AzadlıqRadiosuna məktub göndərən Fərid məhdud imkanları ilə hökumətin nəzarətində olan mediada hər gün yüzlərlə təbliğ olunan fikirdən cüzi hissəsini vətəndaşlar üçün təhlil edə bilib – o inanır ki, bilikləri ictimai faydalı olduqda dəyərlidir: "Hər hansı bir ölkədə dayanıqlı iqtisadi inkişafa nail olmağın tək yolu vətəndaşların iqtisadi proseslərin mahiyyətini anlamasından, qərarların qəbulunda iştirakçılığın və ifadə azadlığının təmin olunmasından keçir. Hesab etmişəm ki, hələ 1918-ci ilin 28 mayında Şərqdə ilk demokratik respublikanı qurmaq kimi tarixi nailiyyətə imza atmış Azərbaycan xalqı bu gün daha ədalətli və rifah dolu bir ölkədə yaşamağa layiqdir və ölkəmizin malik olduğu resurslar bunu təmin etmək üçün yetərlidir. İdarəetmədən qaynaqlanan səbəblərə görə bunun baş tutmamasını dilə gətirməyim bu gün məhkəmə qarşısında olmağımın əsl səbəbidir".

XS
SM
MD
LG