meclis.info saytının həbsdə olan rəhbəri İmran Əliyevin məhkəməsi başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Mayın 27-dəki hazırlıq iclasında İ.Əliyevlə yanaşı, ictimai fəal Elgiz Qəhrəman və Tamilla Musayeva da hakim önünə çıxarılıb. Bu üç təqsirləndirilən şəxsdən yalnız İ.Əliyev həbsdədir.
Sayt rəhbərinin vəkili Rəsul Cəfərov onun şüşə kabinədən çıxarılıb öz yanında əyləşməsi, cinayət işinə xitam verilməsi, yaxud da heç olmasa, məhkəmənin yekun hökmü çıxarılanadək ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb.
İ.Əliyev parlamentin və deputatların fəaliyyətini araşdıran meclis.info saytına rəhbərlik edib. Vəkil vurğulayıb ki, bu sayta görə İ.Əliyevə qanunsuz sahibkarlıq ittihamı vermək əsassızdır: "İmran Əliyevin və rəhbərlik etdiyi saytın cinayət tərkibi yaradacaq fəaliyyəti olmayıb. Onun haqqındakı cinayət işi də, irəli sürülmüş ittihamlar da əsassızdır".
Roman Ələkbərovun sədrlik etdiyi hakimlər kollegiyası isə İ.Əliyev haqqında cinayət işinə xitam vermək, ev dustaqlığına buraxmaqla bağlı vəsatətləri təmin etməyib. Yalnız onun məhkəmədə şüşə kabinədə yox, vəkilinin yanında əyləşməsinə razılaşıb.
Digər təqsirləndirilən şəxslərdən E.Qəhrəman da haqqındakı cinayət işinin əsassız olduğunu bildirib: "Verilən ittihamların mənə heç bir aidiyyəti yoxdur".
O da cinayət işinə xitam verilməsini istəyib, ancaq vəsatət təmin edilməyib.
İş məhkəmə baxışına verilib. Bu baxış iyunun 10-na təyin olunub.
Xatırlatma
İ.Əliyev ötən il aprelin 19-dan həbsdədir. Ona, ilkin olaraq, Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan olunub. İstintaqın sonunda ona cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənədlərdən istifadə və s. ilə bağlı yeni ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
İstintaqın sonunda ictimai fəal E.Qəhrəman və T.Musayeva da onunla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb. Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Adları çəkilən üç nəfərin heç biri özünü təqsirli bilmir, ittihamları qəbul etmir.
meclis.info platforması 2023-cü ildə təsis edilib. Sayt Azərbaycan parlamentinin fəaliyyətini təhlil edir, informativ bilgiləri diqqətə çatdırırdı.
Bütövlükdə götürəndə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.