ABŞ səfirliyi bildirib ki, "Gürcü arzusu" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili səfir Robin Danniqan ilə görüşdən imtina edib. Həmin görüşdə amerikalı diplomatın prezident Tramp administrasiyasının mesajını Gürcüstan iqtidarına çatdırması nəzərdə tutulub.
ABŞ səfirliyi "Facebook" sosial şəbəkəsində yazıb ki, dövlət katibi Marko Rubionun xahişi ilə səfir Danniqan mayın 22-də İvanişvili ilə görüşməyi planlaşdırıb. Görüşün məqsədi "ABŞ administrasiyasının mesajını çatdırmaq və Gürcüstan hökumətinin ABŞ ilə münasibətlərin bərpası istiqamətində niyyətlərinin ciddiliyini nümayiş etdirmək üçün ata biləcəyi konkret addımları bir daha xatırlatmaq" olub.
"Ümid edirik ki, Gürcüstan hökuməti səmimi şəkildə ABŞ və Amerika xalqı ilə 33 illik tərəfdaşlığına və dostluğuna qayıtmaq istəyir", - səfirliyin bəyanatında deyilir.
İvanişvili: Mənim əvəzimə Kobaxidzeni təklif etdik
"Gürcü arzusu" partiyasının ABŞ sanksiyaları altında olan təsisçisi və fəxri sədri B.İvanişvili Birləşmiş Ştatların Gürcüstandakı səfiri R.Danniqan ilə görüşdən imtina etdiyini təsdiqləyib: "ABŞ səfiri Gürcüstan baş nazirini mənimlə görüşmək və dövlət katibi Rubiodan bir mesaj çatdırmaq istəyi barədə məlumatlandırdı. Mən dərin hörmətimi ifadə etdim, lakin görüşdən imtina etdim".
"Səfirlə görüşdən imtina ilə yanaşı, biz ona Gürcüstanın baş naziri ilə görüşməyi təklif etdik… lakin o, bu görüşdən imtina etdi", –İvanişvili bildirib.
İvanişvilinin sözlərinə görə, ABŞ tərəfi ilə görüşlərdən imtinanın səbəbi artıq ictimai şəkildə izah edilib və bu mövqe dəyişməz olaraq qalır: "Xatırladım ki, keçən il şəxsi şantaja görə mən cənab O'Brayen ilə də görüşməkdən də imtina etmişdim, o zaman mənə qarşı yalnız qeyri-rəsmi sanksiyalar tətbiq olunurdu. Görüş təklifləri bundan əvvəl də olmuşdu və mən həmin səbəbdən imtina etmişəm. Bu barədə əvvəlki administrasiyanı dəfələrlə yazılı şəkildə məlumatlandırmışam".
İvanişvili dövlət məsələlərini müzakirə etmək üçün səfirlə görüşməyi düzgün saymadığını vurğulayıb.
Xatırlatma
Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ və Gürcüstan hökumətləri arasında münasibətlər xeyli pisləşib.
Vaşinqton Tbilisini demokratik geriləmədə və Qərbə qarşı addımlar atmaqda, Tbilisi isə ABŞ rəsmilərini "Qlobal müharibə partiyası"/"Dərin dövlət"də iştirakda ittiham edir.
Mayın 27-də prezident Mixeil Kavelaşvilinin mətbuat xidməti məlumat yayıb ki, ABŞ prezidenti Donald Tramp Kavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Mayın 26-da isə ABŞ dövlət katibi Rubio hökumətin adını çəkmədən Gürcüstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
"İki gündə iki fərqli məktub gördük - birincini "Dərin dövlət", ikincini isə Tramp administrasiyası yazıb", - baş nazir İrakli Kobaxidze bildirib.
2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərindən əvvəl İvanişvili ABŞ səfiri R.Danniqan ilə telefon danışığı barədə məlumat verib və seçkilərdən sonra onunla görüşəcəyini elan edib. Lakin sonradan Tbilisi ilə Vaşinqton arasında münasibətlər pisləşib və Bayden administrasiyası İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.