Keçid linkləri

2025, 31 May, şənbə, Bakı vaxtı 10:30

Başqasını bıçaqladığı iddia edilən ictimai fəal kamera görüntülərini istəyir


Nicat İbrahim
Nicat İbrahim

Küçədə başqa birini bıçaqlamaqda suçlanan ictimai fəal Nicat İbrahim kamera görüntülərini tələb edir. 9 aya yaxındır həbsdə olan ictimai fəal deyir ki, "3-cü mikrorayon dairəsi"nin yaxınlığında yerləşən "Bakoil" yanacaqdoldurma məntəqəsinin kamera görüntüləri alınsa və ərazidəki "Təhlükəsiz şəhər" kameralarının qeydə aldığı videolara baxılsa, həqiqət ortaya çıxar.

N.İbrahimin vəkili Zibeydə Sadıqova kamera görüntülərinin alınmasından ötrü məhkəmədə vəsatət qaldırıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Vəkil bildirib ki, iddiaya görə, bıçaqlanma olayı yanacaqdoldurma məntəqəsinin önündə baş verib. N.İbrahim heç kimi bıçaqlamadığını, dayandığı yerdə zərərçəkmişin ona hücum etdiyini, ardından özünü yerə yıxdığını və dərhal da kənardan polislərin onu tutub Nəsimi rayon Polis İdarəsinə gətirdiyini bildirir. Bu durumun aydınlaşmasından ötrü istintaqda vəsatət verib ki, həm ərazidəki "Təhlükəsiz şəhər" kameralarının, həm də yanacaqdoldurma məntəqəsinin özünün müşahidə kameralarının görüntüləri ortaya qoyulsun, N.İbrahimin yalan danışmadığı sübuta yetirilsin.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

"İstintaqda bizə cavab verdilər ki, guya o ərazidə "Təhlükəsiz şəhər" kameraları yoxdur. Yanacaqdoldurma məntəqəsindəki kameralarsa məntəqənin daxilini çəkmək üçündür. Biz araşdırmışıq, həmin ərazidə kifayət qədər "Təhlükəsiz şəhər" kameraları var, sadəcə, bizə verilmədi. Xahiş edirik, məhkəmə özü arxivdəki görüntüləri Daxili İşlər Nazirliyindən əldə etsin. Obyektiv araşdırma üçün çox vacibdir", - vəkilin sözləridir.

Yanacaqdoldurma məntəqəsinin işçiləri İsgəndər Hüseynov Nurəddin Quliyev də məhkəmədə dindirilib. Onlar kiminsə kimisə bıçaqladığını görmədiklərini, polislərin gəlib bir nəfəri tutub apardıqlarını deyiblər.

Hakimlər kamera görüntülərinin alınması haqda vəsatəti təmin edib. Bundan ötrü sorğu göndəriləcəyi deyilib. Ancaq cavabın müsbət olub-olmayacağı bilinmir.

Xatırlatma

N.İbrahim ötən il sentyabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb.

N.İbrahim özünü təqsirli bilmir, bıçaqladığı iddia edilən Bəhmən Əliyevi heç tanımadığını deyir. O bildirir ki, dayandığı yerdə bir nəfər ona hücum edib, ardından yerə yıxılaraq qışqırıb və bıçaqlandığını söyləyib. İctimai fəal və vəkili həmin ərazidəki kamera görüntülərini tələb etsə də, o görüntülər alınmayıb.

Həbsindən bir həftə öncə N.İbrahim ailəsi ilə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. Onun fikrincə, ölkədən buraxılmayınca, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb.

İctimai fəal daha öncə 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının qarşısında "İlham Əliyevə istefa" tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.

O, bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.

Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onların arasında keçmiş diplomat Emin İbrahimov, AXCP üzvləri Zamin Salayev, Kənan Zeynalov, "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov, "Yoldaş media"nın təsisçisi, ictimai fəal Əhməd Məmmədli və başqaları var. Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir, şərlənərək həbs olunduqlarını deyirlər. Onların hamısı kamera görüntülərini tələb etsə də, bu işlərin heç birində görüntü ortaya qoyulmayıb.

XS
SM
MD
LG