Özbəkistanda hüquq müdafiəçisi və jurnalist Şarifa Madrahimova İrlandiyaya səfəri ərəfəsində xarici pasportunu zədələnmiş halda alıb. "AzadlıqAsia" radiosunun xəbərinə görə, o, "Front Line Defenders" beynəlxalq mükafatının təqdimetmə mərasimində iştirak etməli idi.
Madrahimova bildirib ki, Özbəkistanda İrlandiya səfirliyi yoxdur, bu səbəbdən o, aprelin 17-də DHL vasitəsilə pasportunu İrlandiyaya göndərib və mayın 6-da onun İrlandiya vizası vurulmuş pasportu Özbəkistana çatdırılıb.
"Mayın 7-də poçtalyon mənim pasportumu Fərqanədən Kokanda gətirdi. DHL zərfi bütöv, təmiz və zədəsiz idi. Bu zərfin içərisində başqa bir kiçik zərf var idi. Mən zərfi açanda qəribə bir qoxu hiss etdim və bunun zərfin iyi olduğunu düşündüm. Amma pasportumu əlimə alanda gördüm ki, arxa tərəfi yanıb. Kimsə zərfi açıb və pasportumu qəsdən zədələyib ki, mənim Özbəkistandan çıxmağımın qarşısını alsın. Bu, müəyyən mənada, fəaliyyətimin nəticələrinin tanınması deməkdir", –o bildirib.
Madrahimova daha sonra "Front Line Defenders" ilə əlaqə saxlayıb və onlar bildiriblər ki, pasportu Özbəkistana göndərən zaman bütöv olub. DHL-in Daşkənddəki ofisi də cavab verib ki, onlar sənədləri dünyanın müxtəlif yerlərinə təhlükəsiz çatdırırlar və bu, uzun illərdən sonra ilk dəfədir onların başına gəlir. "Kim olduğunu dəqiq bilmirəm, amma əminəm ki, "yuxarı"dan kimsə mənim pasportumu qəsdən yandırıb. Mənim başqa variantım yoxdur", - hüquq müdafiəçisi bildirib.
Özbəkistan Dövlət Gömrük Komitəsinin mətbuat katibi Husan Tanqriyev Madrahimovanın müraciətinə cavab olaraq bildirib ki, xaricdən gətirilən məktub və sənədlər gömrük yoxlamasından keçmir, ona görə də onu idarə əməkdaşlarının işinə şübhə yaratmamağa çağırıb.
Madrahimovanın sözlərinə görə, o, 10 gün ərzində yeni pasport almağa çalışsa da, buna nail ola bilməyib.
Mayın 22-də Dublində "Front Line Defenders" mükafatlarının təqdimetmə mərasimi keçirilib. Madrahimovanın yerinə onun çıxışını hüquq müdafiəçisi Umida Niyazova edib.
Ş.Madrahimova fəaliyyətinə görə dəfələrlə təzyiqlərə məruz qalıb. Son illərdə o, pambıq sənayesində uşaq əməyinin və məcburi əmək hallarının monitorinqi ilə məşğul olub. Bu səbəbdən, "Front Line Defenders"in məlumatına görə, 2024-cü ilin aprelində Mədrəhimova və Niyazova hökumətyönlü özbək bloqeri tərəfindən qarayaxma kampaniyasına, təqibə və təzyiqlərə məruz qalıblar.