Rusiya prezidenti Vladimir Putin Rusiya bazarından çıxdığını elan edən, lakin bu ölkədən qazanc əldə etməyə davam edən xarici İT xidmətlərini "boğmağa" çağırıb.
"Onları boğmaq lazımdır. ... Bunu çəkinmədən deyirəm, çünki onlar bizi boğmağa çalışırlar, biz də onlara eyni şəkildə qarşılıq verməliyik. Bu qədər. Biz heç kimi qovmamışıq, heç kimə mane olmamışıq, əksinə, ölkəmizdə, bazarımızda işləmək üçün ən əlverişli şəraiti yaratmışıq. Amma onlar bizi boğmağa çalışırlar. Biz də onlara qarşı eyni üsulla cavab verməliyik, güzgü effekti ilə davranmalıyıq", – Putin mayın 26-da Kremldə sahibkarlarla görüşündə bildirib.
Putin bunu "Zoom" və "Microsoft" kimi xidmətlərin işini bir qədər məhdudlaşdırmağı xahiş edən "Iva Technologies" şirkətinin baş direktoru Stanislav İodkovskiyə cavab olaraq deyib.
"Mən sizə bir misal deyim: analitiklərin proqnozlarına görə, Rusiyada bugünə qədər bu xidmətlərin işləməsi səbəbindən sənaye milyardlar itirir", - İodkovski bildirib.
Putin rusiyalıların Qərb proqramları və xidmətlərinə olan bağlılığını "zərərli vərdişlər" adlandırıb və Rusiyada istifadəçilərin bu vərdişlərdən azad olunmasını tələb edib.
Putinin sözlərinə görə, Rusiya istehsalı əvəzinə xaricdən gətirilən avadanlıqların istifadəsinə imkan verən boşluqları doldurmaq lazımdır. Putinin fikrincə, əks halda, Rusiyanın "özünün heç nəyi olmayacaq".
O, həmçinin Rusiya bazarını tərk edən "McDonalds" fastfud restoranları şəbəkəsinin yerinə yaranan "Vkusno — i tochka" restoranlar şəbəkəsini ziyarət etməyə söz verib. Putin bildirib ki, əgər "McDonalds" geri qayıtmaq istəsə, Rusiya onlara "xalça sərməyəcək".