ABŞ prezidenti Donald Tramp İranla nüvə danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib və konkretlik gətirmədən növbəti iki gün ərzində "nəsə yaxşı bir şeyin" elan oluna biləcəyini söyləyib.
"İranla çox, çox yaxşı danışıqlarımız olub", – Tramp Omanın vasitəçiliyi ilə Romada keçirilmiş və mayın 23-də başa çatmış danışıqlardan sonra jurnalistlərə bildirib: "Bilmirəm, qarşıdakı iki gün ərzində sizə yaxşı, ya pis bir şey deyəcəyəm, amma hiss edirəm ki, yəqin ki, sizə nəsə yaxşı bir şey deyəcəyəm".
Tramp əlavə edib ki, son danışıqlarda "həqiqi irəliləyiş, ciddi irəliləyiş" əldə olunub.
Bu açıqlamalar Roma şəhərində ABŞ və İran arasında keçirilmiş nüvə danışıqlarının beşinci raundundan sonra verilən qarışıq siqnallar fonunda səslənib.
Danışıqlara qədər həm Vaşinqton, həm də Tehran uran zənginləşdirilməsi məsələsində sərt mövqelər nümayiş etdirirdilər. Lakin İranın xarici işlər naziri Abbas Əraqçi Oman tərəfindən irəli sürülən bir neçə təklifdən sonra irəliləyiş üçün potensialın olduğunu bildirib.
"Biz danışıqların ən peşəkar raundlarından birini yenicə tamamladıq... İranın mövqeyini qəti şəkildə ifadə etdik... Hazırda məntiqli bir yolda irəliləməyimiz, mənim fikrimcə, özü-özlüyündə irəliləyişin göstəricisidir", – A.Əraqçi dövlət televiziyasına bildirib.
Bununla belə, danışıqlarda vasitəçilik edən Oman nümayəndəsi qeyd edib ki, Vaşinqton və Tehran Roma danışıqlarında "müəyyən, lakin qəti olmayan" irəliləyiş əldə ediblər.
İki ölkə İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı bəzi iqtisadi sanksiyaların yüngülləşdirilməsi yollarını müzakirə edir.
Əsas maneə İranın uranı zənginləşdirmə qabiliyyətidir bu, ABŞ-nin hər hansı razılaşmada mütləq ləğv edilməsini tələb etdiyi şərtdir ki, İranın nüvə proqramını hərbiləşdirməsinin qarşısı alınsın.
Lakin İran üçün uranı zənginləşdirmək imkanını saxlamaq prinsipial məsələyə çevrilib. A.Əraqçi bildirib ki, zənginləşdirmə "razılaşma olsa da, olmasa da" davam edəcək.
Tramp dəfələrlə İranı diplomatiya uğursuz olarsa, hərbi müdaxiləyə məruz qala biləcəyi ilə hədələyib. Lakin o, razılaşmaya nail olunacağına ümid etdiyini vurğulayıb.
"Mən bunun baş verməsini çox istərdim, çünki bombaların atılmadığını və çoxlu insanın ölmədiyini görmək istəyirəm", – Tramp son açıqlamalarında deyib.