Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin keçmiş üzvü Gündüz Mirzəyevin hər birinə prokuror 7 il həbs cəzası istəyib. Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edən prokuror Rauf Malışov iddia edir ki, onlara verilən dövlət əleyhinə açıq çağırışlar ittihamı məhkəmədə sübuta yetirilib.
Z.Əsgərov və G.Mirzəyev sosial şəbəkələrdə, o sıradan "WhatsApp"da yaradılmış qruplarda yazdıqlarına görə həbs ediliblər. Onlar "Azərbaycan Naminə Birlik", "AXCP-nin dostluq qrupu" adlı qruplarda hakimiyyəti ələ keçirmək, itaətsizlik göstərmək kimi fikirlər yazmaqda, dövlət əleyhinə açıq çağırışlarda suçlanırlar.
Z.Əsgərovun vəkili Nemət Kərimli müvəkkilinə verilən ittihamla razılaşmayaraq müdafiə nitqində cəbhəçi fəala bəraət verilməsini istəyib: "Cinayət işində qapalı "WhatsApp" qrupundakı söhbətlərdən bəhs olunur. Bunu açıq çağırış kimi qiymətləndirmək düzgün deyil. Digər tərəfdən, həmin söhbətlərdə müəyyən təhqir xarakterli ifadələr olsa da, dövlətin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, dövlət əleyhinə çağırışlar olmayıb. Şahid ifadələrindən də göründü ki, insanların iradəsinə təsir göstərəcək heç nədən söhbət gedə bilməz".
İyunun 5-də keçiriləcək növbəti məhkəmə iclasında digər təqsirləndirilən G.Mirzəyevin vəkili müdafiə çıxışı edəcək. Ardından hər iki təqsirləndirilən şəxs məhkəmədə son sözünü deyəcək və hökm oxunacaq.
Xatırlatma
G.Mirzəyev və Z.Əsgərov bu il martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham verilib.
Z.Əsgərov özünü təqsirli bilmədiyini deyib və vurğulayıb ki, sosial şəbəkələrdəki söhbətlərdə təhqir xarakterli ifadələr işlətdiyindən peşmandır. O buna görə üzr istəyib.
G.Mirzəyevsə özünü təqsirli bilib, peşmançılığını dilə gətirib: "Mən sosial ədalətin bərpasını istəmişəm, lakin terrorçuluğa çağırış etməmişəm. Gərgin vəziyyətdə müəyyən ifadələr işlətmişəm, buna görə peşmanam. Amma hakimiyyəti ələ keçirmək istiqamətində söhbətimiz olmayıb".
Martın 29-da AXCP G.Mirzəyevin partiya üzvlüyündən çıxarıldığını açıqlayıb. Özü isə məhkəmədəki çıxışında partiyadan istefa verdiyini söyləyib.